Gənc sahibkarlar bir sıra müəssisələrdə istehsal prosesi ilə tanış olublar

Demokratik İslahatçı Gənclər İctimai Birliyi Prezident Gənclər Fondunun maliyyə dəstəyi ilə keçirilən "Gəncə Avropa gənclər paytaxtı 2016 "Gənc sahibkarların beynəlxalq Forumu" çərçivəsində tədbirin ikinci günü 12 ölkə təmsilçisi olan iş adamları ilə Gəncədə bir sıra müəssisələrə və Gəncənin tarixi yerlərinə baş çəkiblər.

İctimai Birlikdən Azadinform-a verilən məlumata görə, Serbiya, Belçika, Çexiya, Litva, Almaniya, BƏƏ və MDB ölkələrinin təmsilçilərindən ibarət olan nümayəndələr istehsalla məşğul olan "Gəncə Şərab 2", "Gəncə Tekstil" fabriki, "ELBA 999" şirkətlər qrupunda olublar.

Qonaqlara şirkətlər barədə, müəssisələrin istehsal gücü, idxal qabiliyyəti, istehsal etdikləri məhsulun keyfiyyəti barədə ətraflı məlumat verilib.

Eyni zamanda qonaqlar Azərbaycanın dilbər guşələrindən biri olan Göy-göl dövlət qoruğuna və tarixi memarlıq incilərindən sayılan "İmamzadə" muzey-kompleksinə, XVII əsr memarlıq abidəsi olan "Çökək hamam" kompleksinə, Cavad xan türbəsinə, Nizami Gəncəvi Məqbərəsinə və bir sıra görməli yerlərlə tanış olublar.

Forumun üçüncü günü qonaqlar səhiyyə turizminin ən parlaq nümunələrindən biri olan Naftalan şəhərində "Qaşaltı" sağlamlıq və istirahət mərkəzində olublar. Orada xəstələrin müalicə şəraiti ilə maraqlanaraq, neftin müalicəvi metodları ilə ətraflı tanış olublar. Forum sonuncu günü qonaqlar Bakıda da bir sıra yerlərə, o cümlədən İÇəri Şəhər, Qıza Qalası, Bayraq Meydanı və s yerlərlə tanış olub və Azərbaycana valeh olduqlarını gizlətməyiblər.

Forumun nəticəsi olaraq, Azərbaycan iş adamları ilə xarici iş adamları arasında informasiya mübadiləsi aparılaraq, əlaqələrin genişlənməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, Forumda Avropa və MDB ölkələri daxil olmaqla 12 ölkənin iştirak edirlər.