"Azərbaycan Dağlıq Qarabağa dünyadakı ən yüksək muxtar statusu verməyə hazırdır, amma bu şərtlə ki..."

Politoloq Qabil Hüseynlinin Azadinform-a müsahibəsi:

-Azərbaycanın XİN rəhbəri prezidentlərin Dağlıq Qarabağ münaqişəsinə dair Sankt-Peterburq görüşündən danışaraq bildirdi ki, ortada bir sənəd var. Həmin sənəd üzrə müzakirələr aparılır. Sizcə, bu sənədin Azərbaycan üçün hansı faydalı tərəfləri ola bilər?

-Hesab edirəm ki, bu sənəd Azərbaycanın maraqlarına tam cavab verən sənəd deyil. Çünki sənəddə Dağlıq Qarabağın aralıq statusu deyilən təhlükəli bir maddə var. Dağlıq Qarabağa aralıq statusun verilməsi Azərbaycanın unitar quruluşunun pozulması demək olar. İkinci, tərəfdən ermənilər vaxtilə azərbaycanlıların yaşadığı Vardenis ərazisindən- Göyçə mahalından Ağdərə rayonuna qədər bir yol çəkiblər. Ermənistan Laçın dəhlizi ilə yanaşı bu yola da beynəlxalq status verilməsini istəyir. Bundan əlavə Ermənistan, hər dəhlizin ətrafında 15 km bufer zona tələb edir. Bu isə Laçın və Kəlbəcər rayonlarının böyük bir hissəsinin tamamilə Azərbaycanın tabeçiliyindən çıxarılması deməkdir. Bütün bunları nəzərə alaraq demək mümkündür ki, Lavrov planı deyilən bu plan Azərbaycan üçün sərfəli deyil. Azərbaycan 7 rayonun geri qaytarılması və Dağlıq Qarabağın statusunun Azərbaycan tərəfindən müəyyən edilməsini tələb edir.

-Azərbaycan və Ermənistan prezidentlərinin növbəti dəfə görüşəcəyi ilə bağlı məlumatlar var. Sizcə, bu görüşün müzakirə mövzusu nə olacaq? Lavrov sənədi dediyiniz sənədə "lternativ olaraq hansı sənədi görürsüz?

-Hər kəs deyir ki, Ermənistan qoşunları işğal edilmiş Azərbaycan ərazilərindən çıxarılmalıdır. Azərbaycanın birinci tələbi odur ki, 7 rayon geri qaytarılsın. Azərbaycan tərəfi bölgəyə sülh məramlı qüvvələrin gətirilməsini və Dağlıq Qarabağda referendum keçirilməsini istəmir. Yəni, Azərbaycan Dağlıq Qarabağa dünyada məlum olan bütün muxtar statuslardan ən yüksəyini verməyə hazırdır. Amma bu şərtlə ki, Azərbaycanın konstitusion quruluşu pozulmasın.

-Türkiyə ilə Rusiya arasında münasibətlərin bərpa edilməsini necə qiymətləndirsiz? Bu gün Türkiyə hökuməti NATO-nun ölkə ərazisindəki İncirlik hərbi hava bazasını Rusiya hərbi aviasiyasına açmağa hazırlaşır. Sizcə, bu münasibətlərə necə təsir göstərəcək?

-Münasibətlərin bərpa edilməsini müsbət qiymətləndirirəm. İncirliyə gəlincə, inanmıram ki, bu NATO tərəfindən xoşluqla qarşılanacaq. Görünür, ABŞ bu məsələyə razılıq verib. Çünki bundan öncə ABŞ dövlət katibi Con Kerri ilə Rusiya XİN rəhbəri Sergey Lavrov arasında İŞİD terrorizminə qarşı birgə mübarizə aparmaq məsələsi müzakirə edildi. Hesab edirəm ki, İŞİD-ə qarşı hərbi alyans formalaşdırılıb. Alyans NATO ilə yanaşı Rusiyanın da birgə hərəkət etməsi barədə razılığa gəlib. İncirlik hərbi təyyarələr üçün uçmağa ən yararlı yerdir. Xüsusən gecə uçuşları üçün. Məsələn Suriyadakı Rusiya hərbi bazası gecə uçuşları üçün əlverişli deyil. Uçuş zolağı çox qısadır və bu da təyyarələrin uçuşuna problem yaradır. Səudiyyə Ərəbistanının, Almaniyanın da hərbi təyyarələri də İncirlikdədir. Rusiyanın da gəlişi o deməkdir ki, Yaxın Şərqdəki terrorçu təşkilatlar üçün böyük əməliyyat hazırlanır. Bu əməliyyat 2 hissədən ibarət ola bilər: qurudan və havadan. Hesab edirəm ki, ortada böyük bir razılaşma var, lakin onun təfərrüatları barədə məlumat yoxdur.