Enerjitəchizatı müəssisələrində təmir-bərpa işləri aprılır

Enerjitəchizatı müəssisələrinin daha da keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, gələcəkdə yarana biləcək problemlərin qarşısının alınması məqsədilə həyata keçirilən yenidənqurma işləri çərçivəsində respublikanın qərb bölgəsinin enerji təchizatının yaxşılaşdırılmasına da xüsusi diqqət yetirilməkdədir.

"Azərenerji"dən Azadinform-a verilən məlumata görə, digər energetika müəssisələrində olduğu kimi Gəncə Regional Elektrik Şəbəkəsinin (REŞ) xidməti ərazisində də istismar səviyyəsinin daha da yaxşılaşdırılması, dayanıqlığın artırılması istiqamətində görülən işlər cari ilin son üç ayında da davam etdirilmişdir. O cümlədən, 500/330/10 kilovotluq (kV) "Samux" yarımstansiyasında 500 kV-lik 1-ci "Samux" hava xəttinin (HX) avadanlıqları, I, III və IV bölmə, "Samux-Qardabani" HX-nin avadanlıqları təmir olunmuşdur. Eyni zamanda, 330 kV-lik 2-ci "Samux", 4-cü "Mingəçevir" HX-nin avadanlıqları təmir edilmiş, yeni mühafizə kabelləri çəkilmiş, 3x167 MVA avtotransformator, onun 330 kV-lik eleqaz açarı və cərəyan transformatoru, müxtəlif gücdə iki xüsusi sərfiyyat transformatorları təmir edilərək onların normal iş rejimi təmin olunmuşdur.

"330/110/10 kV-lik "Gəncə" yarımstansiyasında 330 kV-lik dolayı şin sistemində gərginlik transformatorları dəyişdirilmiş, gücü 200 MVA olan 1 saylı avtotransformator, 330 kV-lik 4-cü "Ağstafa", II şin sisteminin gərginlik transformatorları, 330 kV-lik dolayı eleqaz açarı, 110 kV-lik dolayı eleqaz açarı, şinlər arası eleqaz açarı, 1-ci, 2-ci və 6-cı "Gəncə", 1-ci "Yenikənd", 1-ci "Şəmkir" HX-nin eleqaz açarı, cərəyan transformatoru və xətt ayrıcısı cari təmir olunmuşdur" - deyən mənbə həmin bu dövrdə 110 kV-lik "Gəncə-1", "Gəncə-2", "Zəyəm" və digər bir neşə yarımstansiyada həyata keçirilmiş təmir-bərpa işlərindən də danışdı.

Mənbə onu da bildirdi ki, EVX-lər üzrə əsaslı və cari təmir işləri aparılmış və hazırda davam etdirilir. Buna misal olaraq 330 kV-lik 3-cü və 4-cü "Ağstafa", 110 kV-lik 2-ci "Gəncə", 2-ci "Şəmkir", 1-ci "Ağstafa" və bir neçə HX-lərdə görülmüş işləri göstərmək olar.

Qeyd edək ki, digər enerji obyektlərində olduğu kimi burada da yanğın təhlükəsizliyi məsələsi daim diqqət mərkəzində saxlanılır. Belə ki, müəssisənin bütün struktur bölmələrində könüllü yanğın dəstələri yaradılmış və yanğına qarşı qəza məşqləri keçirilmişdir. Yarımstansiyaların ərazisi və EVX-lərin dayaqlarının ətrafı qurumuş otlardan, trassası isə yaşıl kütlədən təmizlənmişdir. Yaz-yay mövsümü ilə əlaqədar bütün yağ tutumlu elektrik avadanlıqlarında yağın səviyyəsi yoxlanılmış və normal səviyyəyə gətirilmişdir. İldırımlı mövsümlə əlaqədar tədbirlər planı da hazırlanıb. Eyni zamanda digər qabaqlayıcı tədbirlər də görülüb.