Qadın voleybolçularımız "Boris Yeltsin kuboku"na qatılacaqlar

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi daha bir beynəlxalq yarışa qatılacaqlar. Belə ki, qadın voleybolçularımız "Boris Yeltsin kuboku"nda iştirak edəcəklər. Bu açıqlama ilə Avropa Liqasının final mərhələsində Slovakiya ilə oyundan sonra yığmamızın baş məşqçisi Faiq Qarayev çıxış edib. Bu isə o deməkdir ki, millimizin Rusiyanın I prezidenti Boris Yeltsinin şərəfinə təşkil olunan yarışda 7 illik həsrət nəhayət ki, bu il bitəcək. Bu turnir Avropa Liqasını qazanan Azərbaycan millisi üçün xüsusi əhəmiyyət kəsb edir. Çünki 2003-cü ildən ənənəvi keçirilən yarışa voleybolçularımız 6 dəfə qatılaraq, ardıcıl 2 il bürünc mükafatçı olublar. Komandamız 2003-cü və 2004-cü illərdə müvafiq olaraq, ABŞ və Dominikan Respublikasına 3:2 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, "Boris Yeltsin kuboku"na adətən dünyanın ən güclüləri qatılır. Bu il yarışın sentyabrda olacağı gözlənilir. Hələlik iştirakçı ölkələrin tam siyahısı da dəqiqləşməyib.