Sosadan "Beşiktaş"a şok: "qayıtmayacam"

İstanbulun "Beşiktaş" futbol klubu daha bir önəmli futbolçusunu itirmək üzrədir. SİA Türkiyənin nüfuzlu idman saytı olan "Fanatik.com.tr"-ə istinadən xəbər verir ki, almaniyalı ulduz futbolçu Maria Gomezin ardınca, İstanbul klubunun argentinalı futbolçusu Jose Sosa da komandadan ayrılmaq qərarına gəlib. Belə ki, vətəni Argentinada yerli mətbuata açıqlamalar verən J.Sosa, Argentinanın "Estudiantes" futbol klubundan ilinə 4 milyon avroluq təklif aldğını açıqlayaraq, İstanbul klubundan getmək istədiyini dilə gətirib. Bir çoxları isə, J.Sosanın bu açıqlamasının daha çox "Beşiktaş" rəhbərliyini qorxuya salmaq, mövcud müqaviləsindəki maddi şərtləri öz xeyrinə dəyişmək cəhdi kimi qiymətləndirirlər. Türkiyə mətbuatı yazır ki, argentinalının bu açıqlamasından sonra, "Beşiktaş"ın vitse-prezidenti Əhməd Nur Çələbi Argentinaya yollanacağını və futbolçu ilə danışıqlar aparacağını bildirib.