"Daha çox qol vurmaq şansımız var idi"

"Neftçi"nin yarımmüdafiəçisi Murad Ağayev azerisport.az saytına müsahibə verib. SİA müsahibənin idman azarkeşləri üçün maraqlı olacağını nəzərə alaraq olduğu kimi təqdim edir:

- Yeni mövsümə Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində Malta "Baltsan"ı üzərində qələbə ilə başladınız. 2:0 hesablı səfər qələbəsini necə şərh edərdiniz?

- Çox yaxşı oynadıq. Topa daha çox nəzarət edirdik. Fikrimcə, daha çox qol vura bilərdik.

- Hesabdan narazısınız ki?

- Hər halda daha çox qol vurmaq şansımız var idi. Amma 2:0 da pis nəticə deyil.

- "Neftçi"nin artıq növbəti mərhələyə yüskəldiyini demək olar?

- Qarşıda cavab oyunu var. Ona görə də indidən növbəti mərhələ barədə danışmağımız düz olmazdı.

- Rəqibin bu qədər zəif olacağını gözləyirdiniz?

- Biz rəqibin adına, zəif və ya güclü tərəflərinə fikir vermirdik. Meydana sadəcə, qələbə qazanmaq üçün çıxmışdıq, buna da nail olduq.

- Rəhman Hacıyev cərimə zərbəsindən qol vurduğu epizodda sizə nəsə dedi. Sirr deyilsə, nəyi müzakirə edirdiniz?

- Dedi ki, mən vuracağam. Ona görə də həmin nöqtədən uzaqlaşdım. Rəhmanın zərbəsi qarşısıalınmaz idi.

- "Neftçi"də ilk rəsmi oyununuzu keçirdiniz. Matçdan sonra Vəli Qasımov nə dedi?

- Meydanda özümü yeni futbolçu kimi hiss etmirdim. Heç ilk rəsmi matçıma çıxdığımı da düşünmürdüm. Sanki illərdir bu komandada oynayıram. Baş məşqçiyə gəlincə, matçdan sonra məni oyuna, qələbəyə görə təbrik etdi.

- "Qəbələ" də sizin kimi, ilk oyunu qələbə ilə başa vurdu. "Kəpəz" isə heç-heçə ilə başladı. Sizcə, üç klubumuzun hər biri Avroliqada mərhələ keçə biləcək?

- Bütün klublarımız mərhələ adlasalar, Azərbaycan futbolu üçün əla nəticə olar. Buna çox sevinərəm. Ona görə də nəinki "Qəbələ" və "Kəpəz"ə, Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ"a da uğurlar arzulayıram.

- "Neftçi"nin səfərdəki qələbəsindən sonra doğma meydandakı oyunda azarkeş axınının necə olacağını gözləyirsiniz?

- Ümid edirəm ki, bizi daha çox azarkeş dəstəkləyəcək. Biz də əlimizdən gələni edəcəyik ki, azarkeşlərin komandadan gözlədiyi futbolu sərgiləyək.

- Bakıya İstanbuldan qayıtdınız. Bir neçə gün öncə orada terror aktı törədildiyini nəzərə alsaq, qorxmurdunuz?

- Qismətdə nə varsa, o da olur. Ona görə də heç bir qorxu hissi keçirmirdik.

- Potensial rəqiblərinizin oyununda Makedoniya "Şkendiya"sı Polşa "Krakoviya"sına 2 cavabsız qolla qalib gəldi. Növbəti mərhələdə qarşılaşmaq ehtimalınız daha çox olan Makedoniya klubu ilə maraqlanmısınız?

- Hələ növbəti mərhələdə kiminlə qarşılaşacağımızı düşünmürük. Qarşıda bizi "Baltsan"la cavab matçı gözləyir.