Sığortaçılara KASKO üzrə tarifləri müəyyənləşdirmək üçün tövsiyələr veriləcək

Bakı. Azad Həsənli - Trend:

Maliyyə Nazirliyi yanında Dövlət Sığorta Nəzarəti Xidməti könüllü avtomobil sığortası üçün tariflərin hesablanması üzrə yeni tövsiyələrini yaxın vaxtlarda sığorta şirkətlərinə göndərəcək. Trend-in məlumatına görə, bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının rəhbəri Orxan Bayramov mətbuat konfransında deyib.

Onun sözlərinə görə, ötən il Assosiasiya Dövlət Sığorta Nəzarəti Xidməti və sığortaçılarla birlikdə KASKO üzrə tariflərin hesablanması üçün mexanizm hazırladı.

O.Bayramov əlavə edib ki, hər bir sığorta şirkətinin KASKO üzrə öz portfeli var: "Və biz tarifləri bu portfelə uyğun müəyyənləşdirməyi tövsiyə edirik. Məsələn, sığortaçının zərəri aşağıdırsa, müvafiq olaraq, o, aşağı tarif müəyyənləşdirə bilər. Zərər yüksəkdirsə, tarifi müəyyən edilmiş səviyyədən aşağı göstərmək olmaz".